IKT

14 Avqust

Qaxlı fermerlər emal məntəqələrinə 1263 ton yaş tütün təhvil veriblər

Builki mövsümdə Qax rayonunun fermerləri 450,5 hektar sahədə tütün yetişdiriblər. Sahələrin 430,5 hektarına “Virciniya botaniki”, 20 hektarına isə digər növ tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Fermerlər mövsümün əvvəlindən indiyədək Qax, Zaqatala və Şəki rayonlarındakı tütün istehsalı və emalı məntəqələrinə 1263 ton yaş tütün təhvil veriblər. Eyni zamanda, emal məntəqələrində bu günədək yaş tütün kütləsindən 160,2 ton quru tütün istehsal olunub.

Fins.az xəbər verir ki, bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Sektor müdiri bildirib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 127,6 hektar, “TES AGRO” şirkəti tərəfindən 128 hektar, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən 120,2 hektar, digər müəssisələr və fərdi istehsalçılar tərəfindən isə 74,7 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar 36 fermerlə müqavilə bağlanılıb.

Xatırladaq ki, qaxlı fermerlər ötən il 373,3 hektar sahədən 408 ton quru tütün əldə ediblər.