IKT

11 Avqust

Tərtərli fermerlər günəbaxan yığımına başlayıblar

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri günəbaxan yığımına başlayıblar.

Tərtər Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, bu il rayon ərazisində 2049,5 hektar sahədə dən üçün günəbaxan əkilib. Artıq əkinçilər 382 hektar sahədə yığım aparıb, 1042,8 ton məhsul toplayıblar. Hər hektardan orta məhsuldarlıq 27,3 sentnerdir. 2022-ci ilə nisbətən hər hektardan orta məhsuldarlıq 0,5 sentner və ya 1,9 faiz artıb. Hazırda rayonda günəbaxan yığımı davam edir.

Qeyd edək ki, günəbaxan bitkisi Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əsasən əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.