IKT

18 İyul

Oğuzda indiyədək zəmilərdən 48 min tona yaxın məhsul toplanılıb

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 16 min 624 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Bunun 4 min 762 hektarı arpa, 11 min 862 hektarı buğda sahələridir. İndiyədək 4 min 708 hektarı arpa, 10 min 540 hektarı buğda olmaqla, 15 min 248 hektar sahənin məhsulu biçilib, 47 min 901 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 31,4 sentner təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədarük olunan taxılın 14 min 595 tonu arpa, 33 min 306 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 31 sentner, buğda sahələrindən isə 31,6 sentner məhsul götürülüb. Hələlik biçilməmiş 1376 hektar taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar.

Qurumdan verilən məlumata görə, təsərrüfatlarda tütün yığımı da davam edir. Builki mövsümdə oğuzlu fermerlər 163 hektar sahədə tütün yetişdiriblər. İndiyədək rayonda 23 ton quru tütün istehsal olunub.