IKT

01 May

Şəkidə indiyədək 1057 hektar sahəyə tütün şitilləri köçürülüb

Builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 1387 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində 1019 hektar sahədə “Virciniya botaniki”, 368 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Şəkili fermerlər bu günədək 1057 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə Fins.az xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə tütün əkini ilə əlaqədar rayonda fəaliyyət göstərən 10 hüquqi və fiziki şəxs tərəfindən 275 fermerlə müqavilə bağlanılıb, onlara toxum paylanılıb. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 52,6 min kvadratmetr sahədə şitilxanalar hazırlanıb.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.