“2022-ci ildə İsmayıllı rayonu ərazisində suvarma kanalları 403 min m³ lildən təmizlənib. Çay məcralarında isə 581 min m³ təmizləmə işləri aparılıb. 2023-cü ilin əvvəlindən bu vaxta qədər suvarma kanallarında 32 min m³ lildən təmizləmə, 60 min m³ çay məcralarında təmizləmə işləri görülüb və bu istiqamətdə işlər davam etməkdədir. Rayon ərazisində 1 ədəd su anbarı və 5 ədəd kiçik su tutarı var. 3.5 mln m³ su tutumu olan Aşıqbayramlı su anbarı vasitəsilə Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan və tutumu 18 mln m³ təşkil edən Yekəxana su anbarının doldurulması təmin edilir.”
Bunu Fins.az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, İsmayıllı rayonununda yaz-yay suvarma mövsümü üçün hazırlıqlar yekunlaşmaq üzrədir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən idarənin balansında olan suvarma kanalları lildən təmizlənir, su itkisinin qarşısını almaq məqsədilə kanallar beton üzlüyə alınır, hidrotexniki qurğular, hidrometrik postlar və subartezian quyuları cari təmir olunur.
O həmçinin deyib ki, idarə tərəfindən ötən 2022-ci ildə 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik post, 35 ədəd subartezian quyusu cari-təmir olunub və Aşağı-Zərnava kəndində bir ədəd subartezian quyusu əsaslı təmir olunub. Rayon ərazisində yerləşən çayların sululuq səviyyəsi ötən illərə nisbətən xeyli aşağı düşüb. Bununla əlaqədar olaraq su itkisinin qarşısının alınması məqsədilə Qəzli-Aşıqbayramlı suvarma kanalı 425 paqonometr beton üzlüyə alınıb. Talıstançayda 560 m3 daş-beton bənd işləri görülüb, Göyçayçay-İsmayıllı magistral beton kanalın suqəbuledici qurğudakı qapıları təmir edilib və bu il də işlər davam etdiriləcək.
D.Şərifov onu da əlavə edib ki, bundan başqa İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə Uştal, Vəng, Qoşakənd, Çərmədil və Qarakolluq kəndlərində subartezian quyuları qazılaraq istifadəyə verilib. 2023-cü ildə rayonun Hacıhətəmli, Qalagah, Mücəftəran, Tinglik, Diyallı və Qubaxəlilli kəndlərində yeni subartezian quyularının qazılması nəzərdə tutulur. İsmayıllı Suvarma Sistemləri İdarəsi İsmayıllı rayonunda 8833 hektar suvarılan əkin sahəsinə xidmət edir.