IKT

21 Fevral

Ətin qiyməti niyə artıb? - AÇIQLAMA

Ölkədə ətin qiymətində bahalaşma ardıcıl bir neçə aydır ki, davam edir. Paytaxtın pərakəndə satış məntəqələrində ətin qiymətində artım hiss edilir. Belə ki, qiymətlərdə 1-2 manat artım var.  Bölgələrdə də ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata yüksəlib. Alıcılar da bunu təsdiq edilər.

Bəs ətin qiyməti niyə bahalaşır? Qiymət artımlarının əsas səbəbləri nələrdir?

Fins.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Margin.az"a bildirib ki, ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var: "Birinci səbəb yem bazası ilə bağlıdır. Mövcud vəziyyətə baxanda görürük ki, hər il yem bazasında müəyyən problemlər yaşanır. Heyvanların otlaq sahələri azalır və bunun nəticəsində vətəndaşlar heyvan saxlamaq problemi ilə üzləşirlər. Otlaq sahələri azalanda heyvanları məhdud şəraitli yerdə saxlanmalıdır və bunun üçün də yem lazımdır.  Yemin də bazar qiymətləri yüksəkdir. Nəticədə vətəndaş yem almaq üçün çox xərc çəkir və heyvanın saxlanma xərci də artır. Bazara çıxarılan heyvanın da qiyməti buna görə yüksək olur".

İqtisadçının sözlərinə görə, bayramqabağı bəzi hallarda ətin qiyməti bahalaşır və sonra qiymət yenidən enir: "Bu da hazırki vəziyyətdə müvəqqəti xarakter daşıya bilər. Başqa bir səbəb də ola bilər ki, ət istehsalı ilə məşğul olan fermerlər əti yerli bazara deyil, xarici bazara çıxarılmasına üstünlük veririlər. Nəticədə çatışmazlıq yaranır. Bu səbəblə daxili tələbat artır və qiymətlər də nisbətən bahalaşır".  

R. Qarayev infyasiyanın da qiymətlərə təsirinin olduğunu qeyd edib:  "Məsələn, heyvan kəsimi ilə məşğul olan şəxs bazarda qiymətlərin artdığını görür və digər qazanc mənbəyi olmadığına görə məcburən ətin qiymətini süni şəkildə artıra bilər".  

İqtisadçı bunun çıxış yolu kimi bildirib ki, heyvandarlıqla məşğul olan şəxslərlə mütəmadi söhbətlər aparılmalı və çıxış yolu tapılmalıdır: "Nəticə etibarilə bu, müəyyən qədər qiymət artımına təsir edə bilər. Ət monopoliyası da qiymətlərin artımına təsir edə bilir. Yəni, iri fermerlər qiymətlərə təsir etmək imkanı əldə edə bilərlər. Bu baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti burada müəyyən işlər görməldirlər. Digər ucuz yem bazası axtarmaq lazımdır. Bunun da çıxış yolu var. Məsələn pambıq məhsulundan sonda heyvan yemi kimi istifadə etmək mümkündür. Çoxşaxəli olan bitkilər əkmək lazımdır ki, bundan heyvandarlıqda da istifadə etmək mümkün olsun".

Əlavə edək ki, Azərbaycanda ötən ay diri çəkidə 45,6 min ton ət istehsal edilib. Dövlət Statistika Komitəsinə görə, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8% artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə yanvar ayında Azərbaycana 4,9 milyon dollar dəyərində 2,6 min ton ət idxal edilib. Bu da illik müqayisədə dəyər baxımından 14,6%, həcm ifadəsində isə 15% azdır.