IKT

29 Dekabr

APEPEA:Yerli istehsalçılar hökumətə müraciət etdi

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları olaraq son zamanlar ölkəmizin damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücə istehsalçıları üçün çox böyük risklər formalaşdıran problem barədə məlumatlandırmaq istəyirik.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları məlumat yayımlayıb. 

Məlumata görə,  yumurta idxalına tətbiq olunan əlavə rüsumlar MDB ölkələrindən idxala şamil olunmur. Bu məqamdan yararlanan bir sıra işbazlar son aylarda Azərbaycana əsasən Türkiyədən olmaqla, lakin Gürcüstan məhsulu adı ilə böyük həcmdə ucuz damazlıq yumurta idxal edirlər. Məsələn, bizim araşdırmalarımıza əsasən Gürcüstan əsilli Tamaz Tsikarişvili  adlı işbaz  “LTD Sabudara” firmasını yaradıb. Firma cəmi 50 min ana toyuqdan ibarət istehsal potensialına malikdir ki, bu da ən yaxşı halda ildə 5 milyon ədəd damazlıq yumurta istehsalına imkan verir. T.Tsikarişvili Türkiyədən ucuz qiymətə damazlıq yumurta alaraq, onu Gürcüstandakı müəsissəsinin məhsulu kimi rəsmiləşdirir, daha sonra onu Azərbaycana reixrac edir. Araşdırmalarımız göstərir ki, gürcü işbazı Türkiyədən damazlıq yumurtanı aldıqdan 1-2 gün sonra Gürcüstandan eyni sayda yumurtanın Azərbaycana ixracı həyata keçirilir.

Bundan əlavə, ölkəmizə yenə də Gürcüstan məhsulu adı altında külli miqdarda ətlik istiqamətli 1 günlük cücələr(çəkisi 180 qrama qədər olanlar) idxal olunmağa başlayıb.  Türkiyənin “Hastavuk” şirkəti MDB ölkələrindən mal və məhsul idxalına əlavə rüsum tətbiq olunmaması amilindən yararlanaraq Azərbaycana külli miqdarda 1 günlük cücələrin Gürcüstan vasitəsilə idxalını təşkil edir. Bu şirkət 2022-ci ilin aprelində Gürcüstanda bir müəssisə yaradıb, Türkiyədən gətirilən damazlıq yumurtalardan əldə edilən cücələri Gürcüstan malı kimi ölkəmizə idxal edir.

Damazlıq yumurta və ətlik istiqamətli cücə istehsalı Azərbaycanda yeni-yeni inkişaf mərhələsinə qədəm qoyan sahələrdən biridir. Bu baxımdan, təsərrüfatlar xarici təzyiqlərə həssasdırlar. Gürcüstan üzərindən Türkiyədən ölkəmizə damazlıq yumurta və ətlik istiqamətli 1 günlük cücələrin kütləvi idxalının davam etməsi tezliklə yerli təsərrüfatların fəaliyyətinin pisləşməsinə, onların sıradan çıxmasına səbəb ola bilər. Biz ölkəmizin quşçuluq müəssisələrini damazlıq yumurta ilə tam təmin etmək potensialına malikik.

Qardaş Türkiyə ilə ölkəmiz arasında münasibətlərin strateji əhəmiyyətini qeyd etməyə ehtiyac yoxdur. Lakin ölkəmizdə sürətlə inkişaf edən bir sahənin Türkiyə şirkətinin bazarı tam ələ keçirmək istəyi ilə sıradan çıxarılmasına  yol vermək Azərbaycanın ərzaq təhlükəsizliyinə böyük təhdid yarada bilər.