Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılan (yerli) taxıl sortlarına marağı artıb.
Bunu açıqlamasında nazirliyin şöbə müdiri İmran Cümşüdov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə əkilən taxılın 70-80 %-i yerli sortların payına düşür: "Çünki yerli sortlar yerli şəraitə daha uyğundur, daha davamlıdır, daha məhsuldardır. Bu sortlardan istifadənin daha da genişləndirilməsi üçün maarifləndirmə işləri aparılır. Eyni zamanda, davamlı və məhsuldar sortların seleksiya materiallarından istifadə edərək yeni sortlar yaradılır. İndiyə qədər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda kvota əsasında 1 100 tondan çox yüksək reproduksiyalı elit toxum istehsal edilib və ölkədə fəaliyyət göstərən toxumçuluq subyektlərinə güzəştli şərtlərlə satılıb".
Bununla belə, nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycana digər ölkələrdən taxıl sortlarının gətirilməsi də əngəllənmir: "Ölkəmizə yüksək reproduksiyalı R1, R2, elit toxumlar idxal edilir. Bu toxumlar sınaqdan və qeydiyyatdan keçirilir, dövlət reystrinə daxil edilir. Əsas məqsəd odur ki, fermerlərin keyfiyyətli toxumlardan istifadəsin nail olaq. Xarici sortlar qeydiyyatdan keçibsə, onun ölkəyə gətirilməsini əngəlləməli deyilik. Sadəcə fermerlər yerli sortlara üstünlük verir".
İ.Cümşüdovun sözlərinə görə, hazırda Azərbaycanda taxılın təxminən 50-55 %-i suvarma, qalan hissəsi isə dəmyə şəraitində əkilir: "Dəmyə şəraiti üçün quraqlığa davamlı sortların yaradılması vacib məsələdir. Eyni zamanda, Əkinçilik-Elmi-Tədqiqat-İnstitutunda alimlərin tövsiyəsi əsasında müasir becərmə texnologiyalarından istifadə edilməsi ilə bağlı çağırışlar olur. Çünki dünyada susuzluqdan əziyyət çəkən bölgələrdə yeni texnologiyalardan istifadə edilməklə əkin aparılır. Torpağı səthi və dərin becərməklə, dərindən yumşaltmaqla taxıl əkinləri var. Bizim ölkəmizdə də bu texnologiyalardan istifadə etməklə əkin aparılması mümkündür".