IKT

10 Noyabr

Tədarük məntəqələrinə 240 min tondan çox pambıq təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 240 min tondan artıq pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 23.04 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Qeyd edilib ki, bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Vegetasiya müddəti başa çatdıqdan sonra məhsulun kombaynlar vasitəsilə kütləvi yığımına start verilib. Məhsul yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.