IKT

29 Oktyabr

Balakəndə ümumi məhsul istehsalı 20,5 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Balakən rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi ilkin hesablamalara görə 231 milyon 467,2 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyon 667,2 min manat və ya 20,5 faiz çoxdur.

Bu barədə  Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında rayonda 42 milyon 926,9 min manatlıq sənaye, 103 milyon 345,2 min manat dəyərində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz, aqrar sahədə isə 7,2 faiz artıb. Doqquz ayda tikinti işlərinin həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 dəfə artaraq 14 milyon 892,8 min manat olub.

Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 37,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi isə 5,2 faiz artıb.