IKT

13 Oktyabr

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək

Oktyabrın 15-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək.

"Fins.az" xəbər verir ki, iki gün davam edəcək festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı sahibkarların il ərzində topladıqları məhsulların sərgi-satışı keçiriləcək. Burada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisinin təşkil olunması da nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.

Naxçıvanın kəskin kontinental iqlimi burada hasilə gələn balın müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərir. Bu baxımdan Naxçıvan balı həm də özünün dadı, tamı ilə seçilir. Festivalda Naxçıvan balı ilə yanaşı, qiymətli arı məhsulları olan güləmi, arı südünü, vərəmumu (bərəmumu), mumu, arı çörəyini, möhürü (balın qaymağını), arı zəhərini, bal arağını da əldə etmək mümkündür.