IKT

12 Oktyabr

Kürdəmirdə pambıq yığımı davam edir

Kürdəmir rayonunda pambıq yığımı davam edir. İndiyədək sahələrdən 700 tondan çox məhsul toplanıb. Yığılan məhsul pambıq zavodlarına təhvil verilir.

Cari mövsümdə bölgədə 2044,7 hektar sahədə pambıq yetişdirilib və hazırda məhsul yığımı sürətlə davam edir. Əl ilə yığıma hər gün 150 nəfərədək işçi qüvvəsi çıxır. Yetişdirilən məhsulun 90 faizdən çoxu pambıqyığan maşınlarla toplanacaq. Hazırda hər gün sahələrə 8-9 pambıqyığan maşın çıxarılır.

Pambıqçılıq Kürdəmirdə kənd təsərrüfatının ənənəvi sahələrindəndir. Rayonun əksər ərazilərində, o cümlədən daha çox pambıq əkilən Şilyan, Muradxan, Sor-Sor, Qarasu və bir sıra digər ərazi icra nümayəndəliklərində məhsul yığımı daha mütəşəkkil aparılır.

Bu mövsümdə Kürdəmirdə bol pambıq yetişdirilib. Hər hektardan orta məhsuldarlığın 29-30 sentner olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki ildəki göstəricidən 4-5 sentner çoxdur.