IKT

06 Oktyabr

Nazirlik "Hicaz” toyuq əti istehsalçısına xəbərdarlıq edib-APEPEA ilə nazirlik arasında görüş

 ETSN-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev, Xidmətin şöbə müdiri Adil Zeynalov, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə APEPEA üzvləri – APEPEA İdarə Heyətinin  sədri Mürvət Həsənli, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Səba Broyler” ASC-nin nümayəndəsi Rəşad Məmişov, Oqtay Xankişiyev - arasında görüş keçirilib.

"Fins.az" xəbər verir ki, görüş zamanı Assosiasiya üzvləri xüsusilə Bakı ətrafında fəaliyyət göstərən sanitar-gigiyenik, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən toyuq kəsimi məntəqələrinin yaratdığı narahatlıqları nazirlik rəsmilərinin diqqətinə çatdırıblar.

Bildirilib ki, belə kəsimxanalarda kəsilən toyuqların tükləri ətrafa dağıdılır, qanı yaxın ərazilərdə torpağa tökülür, bəzənsə dənizə axıdılır, digər tullantıları normal utilizasiya edilməyərək zibil qablarına atılır.

Görüş zamanı C.Abbasov və P.Hacıyev toyuq kəsimi prosesində ekoloji tələblərin qorunması üçün tətbiq olunan müasir texnologiyalar, dünyada toyuq kəsimi prosesinə qoyulan ekoloji tələblər barədə nazirlik rəsmilərinə ətraflı məlumat verib.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda müasir və ekoloji tələblərə tam cavab texnologiyalarla işləyən kəsimxanaların olduğunu, zərurət yaranarsa, həmin kəsimxanalarla tanışlıq imkanı yaradıla biləcəyini ETSN nümayəndələrinin diqqətinə çatdırıb.
Nazirlik rəsmiləri bildiriblər ki, bu məsələ ilə bağlı “Hicaz” toyuq əti istehsalçısına xəbərdarlıq edilib. Buna baxmayaraq, APEPEA üzvlərinin qeyd etdikləri ərazilərdə monitorinqlərə başlanacaq və həmin məntəqələrlə bağlı müvafiq tədbirlər görüləcək. APEPEA üzvləri isə sanitar-gigiyenik və ekoloji tələblərə cavab verən kəsimxana texnologiyalarına dair nazirlik əməkdaşlarını məlumatlandırmağa hazır olduqlarını bəyan ediblər.