IKT

13 Sentyabr

Azərbaycanda son 7 ildə fındıq bağlarının sahəsi 3 dəfəyə yaxın artıb

"Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 80 min hektardan çoxdur. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə artım deməkdir".

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Zaqatalada keçirilən fındıq festivalı və "Yurdumun Ləzzət"i stendinin açılış mərasimində deyib.

"Dövlət dəstəyi fermerlərimizin bu sahəyə marağını kifayət qədər artırıb. Mövcud bağların 60%-dən çoxu bar verən yaşdadır. 2021-ci ildə fındıq istehsalı 2015-ci ilə nisbətən 2,1 dəfə, 2020-ci ilə nisbətən isə 36,6% çox olub. Təbii ki, bar verən bağların artması ölkənin ixrac potensialına da müsbət təsir göstərir. Ölkəmizdən ötən il 108,7 milyon ABŞ dolları, bu ilin 6 ayında isə 55 milyon ABŞ dolları dəyərində (ötən ilin eyni dvörünə nisbətən 15 milyon ABŞ dolları çox) qabığı təmizlənmiş fındıq ixrac olunub. Azərbaycan fındığının ixrac coğrafiyası genişlənir, məhsullarımız Rusiya, Qazaxıstan, İtaliya, Almaniya, İsveçrə və digər ölkələrə ixrac edilir. Qarşıdakı illərdə həm fındıq bağlarının sahəsinin, həm də fındıq ixracının həcminin artacağı, ixrac coğrafiyasının bir qədər də genişlənəcəyi proqnozlaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavini əlavə edib ki, ölkəmizin münasib coğrafi enlikdə yerləşməsi fındıqçılığı daha da inkişaf etdirməyə imkan verir:" Bilirsiniz ki, dünyada fındıq istehslaına görə Azərbaycan önəmli yerlərdən birini tutur. Bu üstünlüyü fermerlərimiz dəyərləndirir, fındıq bağlarının sahəsi artdıqca, bağ salan fermerlərimiz daha çox gəlir əldə edirlər".