IKT

08 Sentyabr

Şəkidə heyvan sahiblərinə səkkiz ayda 180,9 min manat subsidiya hesablanıb

Bu ilin yanvar-avqust aylarında Şəki rayonunda 5328 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 273 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 2180 baş buzov və balaq doğulub. Səkkiz ayda Şəki rayonu üzrə 1646 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1809 baş cinsi yaxşılaşdırılmış buzova görə 180 min 900 manat subsidiya hesablanıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək məhsul istehsalçıları tərəfindən rayona dövlətin güzəştli şərtləri ilə satılan 429 baş damazlıq düyə alınıb gətirilib. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına təsərrüfatlarda mövcud olan 61 min 700 başdan çox mal-qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinə üstünlük verirlər. Süni yolla mayalandırılan heyvanların sayı ildən-ilə artır”. 

Sektor müdirinin məlumatına görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası çərçivəsində, ötən müddətdə Şəki rayonu üzrə 12 min 135 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 14 min 374 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 1 milyon 437 min 700 manat subsidiya ödənilib.