IKT

30 Avqust

Taxılçı fermerlər toxumların dərmanlanmasının əhəmiyyəti barədə maarifləndiriliblər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər davam etdirilir. Mərkəzin təşkilatçılığı ilə Şəki Toxum Emalı Zavodunda keçirilən “Toxumların dərmanlanması taxıl sahələrində fitosanitar vəziyyətin sabitləşməsində başlıca amildir” mövzusunda təlimdə fermerləri maraqlandıran suallar ətraflı izah edilib.

Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev  bildirib ki, təlim prosesində fermerlərə toxumların dərmanlanması barədə məlumat verilib. Bildirilib ki, toxumları xəstəlik və zərərvericilərə qarşı dərmanlamaqla vegetasiya çiləmələrinin sayı xeyli azalmış olur. Bu isə, öz növbəsində, ətraf mühitin, ekologiyanın çirklənməsinin qarşısını almaqla yanaşı, fermerləri əlavə xərclərdən də qoruyur.

Qurum rəsmisinin sözlərinə görə, avqust ayı ərzində Mərkəz tərəfindən əkin sahələrində və meyvə bağlarında fitosanitar müşahidələr davam etdirilib. Belə ki, son bir ayda Mərkəzin mütəxəssisləri tərəfindən 60 hektar lavanda bağında fitosanitar müşahidələr aparılıb, 2 hektar sahədə məftil qurdunun ziyan vurduğu aşkar edilərək kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, tütün əkinlərinin 64,3 hektarında zərərvericilərə qarşı fitosanitar müşahidələr aparılıb, 55,3 hektarda tütün tripsi, payızlıq əkin sovkası və mənənələrlə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş sahələrdə fermerlərin vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri görülüb. Mərkəz tərəfindən avqust ayı ərzində 118 hektar meyvə bağında xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə, həmçinin 110 hektar yonca əkinində karantin otu olan sarı sarmaşığa qarşı mexaniki üsulla mübarizə aparılıb. Eyni zamanda, 122 hektarda karantin alaq otu olan sürünən kəkrəyə, 47 hektarda isə yovşanyarpaqlı ambroziyaya qarşı yay şumu və yonca biçini aparılmaqla aqrotexniki mübarizə tədbirləri görülüb.

© azərtac