IKT

19 Avqust

İsmayıllıda kartof yığımı davam edir

İsmayıllı rayonunun şimal dağlıq ərazilərində kartof yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, cari mövsümdə 726 hektar sahədə kartof yetişdirilib. Artıq cənub ərazilərdə məhsul yığımı başa çatıb. Hazırda daha çox kartof əkilən Yuxarı Zərnava, Burovdal, Cülyan kənd ərazilərində məhsulun tezliklə itkisiz yığımı üçün ciddi səy göstərilir. Torpaq mülkiyyətçiləri hər hektardan orta hesabla 140 sentner kartof götürürlər. Yığılan məhsulun bir hissəsi yerli, habelə ətraf rayonların bazarlarına çıxarılır.

Qeyd edək ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Dadı və keyfiyyəti ilə seçilən İsmayıllı kartofuna yerli bazarlarda tələbat heç də az deyil. Buna görə də ailə büdcəsinə xeyli gəlir gətirən kartofçuluğa maraq getdikcə artır. Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın kartof istehsal olunacağı qənaətindədirlər.