IKT

12 Avqust

Elxan Ələkbərov: Subsidiya verildikdən sonra Azərbaycanda arı ailələri alıb saxlamaq həvəsinə düşənlərin sayı çoxaldı

Subsidiyaların verilməsi arıçılığın inkişaf etməsinə səbəb oldu. Arıçılığa dövlət dəstəyi göstərildikdən - subsidiya verildikdən sonra Azərbaycanda arı ailələri alıb saxlamaq həvəsinə düşənlərin sayı çoxaldı. 

"Fins.az" xəbər verir ki, bunu “vergiler.az”a Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov deyib.

O qeyd edib ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb.

 

"Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib", - deyə E.Ələkbərov əlavə edib. 

 

Onun sözlərinə görə, əvvəllər arıçılar yalnız yerli cins olan arı ailələri saxlayırdılar: "Ancaq yerli cinslərin məhsuldarlığı çox aşağı idi. Son 5-7 ildə xaricdən gətirilmiş arı cinslərinin hesabına ölkədə hər bir arı ailəsinin məhsuldarlığı 30-40 faiz yüksəlib. 7-8 il əvvəl Azərbaycanda il ərzində istehsal edilən balın miqdarı 2 min ton idisə, indi istehsal həcmi 7 min tona çatıb. 2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 min 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kiloqram arı südü əldə olunub".