IKT

08 İyul

AQTA: Narın ABŞ bazarına ixracı üçün risk təhlili aparılır

Azərbaycandan ABŞ bazarına narın ixracı üçün bu məhsulun ölkə üzrə risk təhlili aparılır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, söhbət ölkənin nar bağlarında hansı zərərvericilərin mövcud olmasından gedir.

"Bu təhlillər yekun olaraq ixraca zəruri olan müvafiq sertifikatın əldə olunması üçün ABŞ-ın Qida və Dərman Administrasiyasına (Food and Drug Administration) təqdim olunacaq. Bu istiqamətdə ABŞ tərəfi ilə iş aparırıq. Bitki mənşəli məhsullarda əsas önəmli məsələ ölkədə yayılan bitki zərərvericiləri ilə bağlıdır. Azərbaycanda bu sahədə ciddi bir problem yoxdur. Bu yaxınlarda biz ABŞ tərəfinə bununla bağlı sorğu göndərmişik. Azərbaycandan ABŞ-a nar ixrac etmək istəyən sahibkarlar var. Bunun üçün bizdən sadəcə müəyyən risk təhlili məlumatlar tələb olunur ki, biz o məlumatları təqdim edəcəyik. Ondan sonra ABŞ-a nar məhsulunun ixracı da mümkün ola bilər. Emal olunmuş qida məhsulları münasibətdə isə ümumiyyətlə məhdudiyyət yoxdur. Bu məhsullar Avropa bazarına çıxarıldığı kimi, ABŞ bazarına da çıxarıla bilər”, - deyə Elxan Mikayılov qeyd edib.

(c)APA