IKT

06 İyun

AQTA dondurmalarla bağlı vətəndaşlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurmalarla bağlı vətəndaşlara müraciət edib.

Agentlikdən bildirilib ki, AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

"Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər".