IKT

26 Aprel

Taxıl elevatorları, anbarlar və istixanalar hesabatlarını aprel ayının sonuna qədər EKTİS-də təqdim etməlidirlər

Taxıl elevatorları, anbarlar və istixanalar bu ilin I rübü üçün hesabatlarını aprel ayının sonuna qədər EKTİS-də təqdim etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük olunan məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.

Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyat və hesabatlılıq alt modulları yaradılaraq istifadəyə verilib və Dövlət Aqrar İnkişaf mərkəzləri bu istiqamətdə subyektlərə dəstək üçün təlimatlandırılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi qeydiyyat və 1-ci rüb hesabatlarını yekunlaşdırmayan taxıl elevatorları, anbar və istixana sahibi olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci ilin 1-ci rübü üçün hesabatlar aprel ayının sonuna qədər EKTİS-də təqdim olunmalıdır.

Qeydiyyat və hesabatların verilməsi qaydası üçün Nazirlik tərəfindən xüsusi Təlimat hazırlanıb.

EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı suallar yarandıqda sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə bilərlər.