Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi. Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.
"Fins.az"xəbər verir ki, assosiasiya rəhbərliyi və üzvlərinin növbəti görüşü Azərbaycan Qida Təhlükəsizliyi üzrə Agenliyin (AQTA) rəhbərliyi ilə keçirilib.
Məlumata görə,videobağlantı formatında keçirilən görüşdə AQTA-nın sədri Qoşqar Təhməzli, Agentlik aparatının rəhbəri Elxan Mikayılov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, APEPEA rəhbəri Mürvət Həsənli, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən AQTA sədri Q.Təhməzli bildirib ki, Azərbaycanda yerli istehsalçıların bütün birlikləri ilə görüşürlər: “Məqsədimiz yerli istehsalçıların hansı problemlərinin olduğunu müəyyənləşdirmək, onların aradan qaldırılması üçün öz səlahiyyətlərimiz çərçivəsində dəstək tədbirləri həyata keçirməkdir. Ölkə rəhbərliyinin qəti göstərişidir ki, qida sektoru sağlamlaşdırılmalı, şəffaflaşdırılmalıdır. Bu sektor çox mürəkkəb struktura, çoxsaylı oyunçulara malikdir. Bizim bir məqsədimiz var, o da bu sahədə sağlamlaşdırmaya nail olmaq. Buna görə də həm idxal, həm də yerli istehsal məhsullarına tam və effektiv nəzarəti təmin etməyə çalışırıq. Azərbaycanda elə bir sistem qurmağa çalışırıq ki, hər bir vətəndaşımız süfrəsinə gələn ərzaqların sağlam olduğuna şübhə etməsin. Bunun üçün sahibkarların da bizə kömək etməsi şərtdir. Bu kömək nədən ibarətdir: gördüyünüz pozuntu halları ilə bağlı dərhal bizə məlumat verin. O cümlədən də Agentliyin əməkdaşlarının zərərli fəaliyyətlərinə dair məlumatları gözləyirəm sizlərdən. Lap anonim şəkildə çatdırın faktları, biz lazım olan tədbirləri görək. Bizdə çoxsaylı sahələrdə işləmiş şəxslər çalışır. Onların hamısının dünyagörüşünü tam dəyişmək, sağlam işləməyə sövq etmək, əlbəttə, mümkün deyil. Buna görə də sizlərdən dəstək gözləyirik”.
Q.Əbdüləliyev bildirib ki, quşçuluq xəstəliklərin yayılması baxımından çox həssas bir sahədir: “Son 2 ildə yüksək patogen quş qripi üzrə dünyada stabillik hələ də bərpa olunmayıb. Hazırda Amerika qitəsində quş qripinin daha çox yayılması müşahidə olunur. Buna görə də oradan quş əti məhsullarının idxalı dayandırılıb. Son 2 ildə zəif patogen quş qripina qarşı vaksinasiya sistemi işlənərək tətbiq olunur. Nəticədə noyabr ayından indiyədək quşçuluq müəssisələrində tələfatların xeyli dərəcədə azalması müşahidə edilir. Eyni zamanda fevral ayından etibarən xəstəlik daşıyıcılığı baxımından yüksək risk qrupuna daxil olan məhsulların, xüsusilə də 1 günlük cücələr istisna olmaqla, yaşlı quşların idxalına məhdudiyyət tətbiq olunub. Hazırda ölkədə quş qripi üzrə növbəti monitorinq prosesi davam edir. Bizim Assosiasiya və ora daxil olan quşçuluq müəssisələri ilə sıx əməkdaşlığımız var”.
APEPEA rəhbəri M.Həsənli bildirib ki, qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir: “Bu baxımdan, Agentliyin üzərinə böyük məsuliyyət düşür. Biz hazırda Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları Agentliyin müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb. Assosiasiya üzvü olan istehsalçıların bir sıra problemləri var. Bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir. Quş əti üçün zəruri olan temperarur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür. Eyni zamanda geriqayıtma faizi yüksəlir ki, bu da bizə zərər vurur. Başqa bir narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan yüksək həddə su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibət pisləşməsidir”.
“Siyəzən Broyler”in rəhbəri C.Abbasov qeyd edib ki, quşçuluq sahəsinin tam inkişafı üçün qət ediləcək çox yol var: “İşimiz çoxdur, problemlərimiz də var və onların həllində biz dövlət orqanlarından dəstək istəyirik. Çox yaxşı haldır ki, Azərbaycana diri toyuqların idxalı dayandırılıb. Hazırda 1 günlük cücələr idxal olunur. Hesab edirik ki, 1 günlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır. Çünki hər bir ölkənin özünəməxsus epizootik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən 1 günlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var. Bizi narahat edən digər məsələ əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz qiymətə satışıdır. Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qidə təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”.
“Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynov Bakının “8-ci km”, “3-cü mikrorayon” bazarlarında, həmçinin “Bazarstore” marketlər şəbəkəsində satılan 800 qramlıq toyuqların fotolarını nümayiş etdirib: “Bu toyuqları satarkən əhalini aldadırlar. “Bazarstore”də Belarusdakı broyler müəssisəsinin istehsalı olan bu məhsulları “Bütöv kənd toyuğu” adı ilə satırlar. Bu, istehlakçıların aldadılmasıdır. Üstəlik, toyuğun aylıq istehlak müddətinin bitməsinə cəmi 1 ay qalıb”.
Q.Təhməzli səslənən məlumatla bağlı AQTA rəsmilərinə dərhal tədbir görülməsini tapşırıb. Səsləndirilən məlumatdan aydın oldu ki, aşkarlanan faktlar əvvəldən təqdim olunub və artıq AQTA-nın müvafiq qurumları fəaliyyətə başlayıblar.
“Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev Azərbaycanda quşçuluq sahəsində dünya təcrübəsinə uyğuin vaksinasiyanın tətbiqinin zəruri olduğunu qeyd etdi: “Biz son illərdə dünyada tətbiq olunan iki vaksini – H9 vaksinlərini tətbiq etmişik, çox ciddi pozitiv nəticələr əldə olunub. Bu vaksinləşmə imkan verir ki, quşçuluq müəssisələrində xəstəliklərlə bağlı sabitliyi xeyli dərəcədə təmin edək.
Hazırda dünyada H5N1 üçün yeni növ vaksinlərdən böyük uğurla istifadə olunur. Biz istərdik ki, bu vaksinlərin də Azərbaycanda tətbiqinə icazə verilsin”.
Görüşdə AQTA rəhbərliyi 1 günlük cücələrin ölkəyə idxalının məhdudlaşdırılması, yaxud tamamilə dayandırılması istiqamətində tezliklə müvafiq addımların atılacağını bəyan edib. Bundan əlavə, aşağıçəkili toyuqların idxalı məsələsi də araşdırılacaq. Nəhayət, AQTA rəhbərliyi quşçuluq sahəsində tətbiq olunan yeni vaksinasiya sisteminin Azərbaycanda tətbiqi məsələsinin də həll olunacağını vurğulayıb.