IKT

18 Aprel

Bir sıra ölkələrdən diri heyvan, quş və yumurta idxalı məhdudlaşdırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərində süngərvari ensefalopatiya, Amerika Birləşmiş Ştatlarının Texas, Şimali Karolina, Şimali Dakota, Minnesota, Men, Nebraska və Nyu-York ştatlarında, Filippinin Benqet və Şimali Kotabato əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Amerika Birləşmiş Ştatlarının Texas, Şimali Karolina, Şimali Dakota, Minnesota, Men, Nebraska və Nyu-York ştatlarından, Filippinin Benqet və Şimali Kotabato əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rumıniyadan, Amerika Birləşmiş Ştatlarından və Filippindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.