IKT

15 Aprel

Qiyməti 30 min manat olan “Sultan” hərracda satılmadı

Aprelin 15-də “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Azərbaycanda ilk dəfə olaraq Qarabağ cins atlarının auksion vasitəsilə satışı həyata keçirilib. Auksionda yerli təsərrüfat sahibləri, sahibkarlar və fermerlər iştirak ediblər.

Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılıb və satış auksion formatına uyğun olaraq keçirilib. Auksion dövründə iştirakçılara Qarabağ atları haqqında canlı və interaktiv məlumat verilib. Atların Ağdam Atçılıq Zavodunda və şəxsi klublarda yetişdirildiyi bildirilib. Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacağı da vurğulanıb.

Auksiona üç Qarabağ atı çıxarılıb. Adları “Sultan”, “Sahil” və “Zilaxar” olan bu atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə xüsusi olaraq seçilib.

Auksionda atlardan “Sultan”ın ilkin qiyməti 30 min manat, “Sahil”in ilkin qiyməti 5 min manat, “Zilaxar”ın ilkin qiyməti isə 7 min manat olub. “Sahil” 5500 manata, “Zilaxar” isə 7500 manata satılıb və sığorta şirkəti tərəfindən sığortalanıb.

"Sultan" adlı at hərraca çıxarılsa da son nəticədə satılmayıb.

Növbəti mərhələdə Ağdam Atçılıq Zavodunda yetişdirilən “Kəndir”, “Şaban” və “Segah” adlı atların auksiona çıxarılması gözlənilir.