IKT

07 Aprel

Tovuzquşu saxlamağa hobbi kimi yanaşdı, sonra gəlir mənbəyinə çevirdi – cütünü 1500 manata

Uzun illər müəllim kimi çalışan Əzizağa İsgəndərovun maraqlı hobbisi var. 65 yaşlı Şabran sakini həyətində tovuzquşu saxlayır.

Hazırda təqaüddə olan Əzizağa İsgəndərov dörd il əvvəl iki tovuzquşu əldə edib. Sonra ekzotik quşların sayını səkkizə çatdırıb.

“Mən ekzotik quşları bəsləməyin həvəskarıyam. Əvvəlcə internet üzərindən sifariş verməklə iki tovuzquşu almışam. Çox gözəldirlər, həm də incədirlər. Bu quşları saxlamaq o qədər də çətin deyil. Amma xüsusi diqqət tələb edir. Yaman küsəyən quşlardır. Adi quş yemləri ilə bəslənilir. Amma qarğıdalı, buğda, günəbaxan yarmalarını daha çox xoşlayırlar”, - deyə Ə.İsgəndərov söyləyir.

Əzizağa İsgəndərov bildirir ki, erkək tovuzquşuların gözəl görünüşlü quyruğu 3 yaşına çatdıqdan sonra tam formalaşır. Dişiləri isə iki yaşı tamam olandan sonra yumurtlayır. Hər dəfə 4-8 yumurta verir.

“Tovuzquşuların yumurtasına toxunmaq olmaz. Əks halda quşlar həmin yumurtanın üstündə oturub, bala çıxarmır. Uçma ehtimalları olduğundan qəfəs şəraitində saxlamaq lazımdır. Qışda yerləri isti olmalıdır. Tovuzquşu 20-25 il yaşayır”, - deyə Ə.İsgəndərov vurğulayır.

Əzizağa İsgəndərov gözəlliyi ilə gözoxşayan bu quşları əvvəllər yalnız maraq üçün saxlasa da, indi hobbisindən gəlir əldə etməyə başlayıb. O, tovuzquşunu cüt satır. İki tovuzquşunun qiyməti 1000-1500 manat arasında dəyişir. Ekzotik quşun yumurtasının qiyməti isə 40-50 manatadır.

© Azərtac