IKT

31 Mart

Nazirlik: Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir

Fermerlərin öz əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan etməsi subsidiyaları ilin əvvəlində ödəməyə imkan verir. Bu isə fermerlərə dövlətin ayırdığı subsidiya vəsaitlərini zəruri təsərrüfat işləri üçün sərf etməyə şərait yaradır.

"Fins.az"xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Sabirabad və Salyan rayonlarında aqrar sektorun nümayəndələri ilə görüşlərdə səsləndirib. O bildirib ki, hazırda taxılçılıqda mühüm dövrə start verilib və taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Hazırda respublikanın taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.

Qeyd olunub ki, Azərbaycanda taxıl əkinlərinin xeyli hissəsi dəmyə sahələrdə aparılır və dəmyə taxılçılıqda məhsuldarlığın yüksək olması yağıntılardan birbaşa asılıdır. Mart ayının son ongünlüyündə atmosfer yağıntılarının çoxalması taxılçılığa, xüsusilə də dəmyə ərazilərdə əkilən taxılın inkişafına müsbət təsir göstərib.

Eyni zamanda yağıntıların intensivləşməsi nəticəsində çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq.