Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətləri üzrə müxtəlif işlər həyata keçirilir.
Maraqlıdır, azad olunmuş bölgələrdə aqrar sahə ilə bağlı qeydiyyat sayı artıbmı?
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə bağlı danışarkən bildirib ki, həm yaşamaq üçün gedənlər, həm də aqrar sahə üzrə qeydiyyatda say xeyli artıb:
“Torpaqlarımız azad olunan ilk gündən müvafiq orqanlar tərəfindən insanların qeydiyyatı aparılıb. Reyestr belə aparılıb ki, hansı rayonun nə qədər ərazisi var, vətəndaşlar necə yerləşdiriləcək, sözsüz ki, müəyyən dəyişikliklər də olacaq. Qeydiyyata düşdükdən sonra pay torpaqları da verilməlidir, dövlət və bələdiyyə torpaqlarının da ərazisi müəyyənləşdiriləcək. Digər bölgələrimizdə insanlara pay torpaqlar paylanılıb, azad olunmuş bölgələrdən olan vətəndaşlarımız da pay torpağı almaq hüququna malikdirlər. Azad olumuş bölgələrdə 10 min hektar ərazi yararlı hala gətirilib, əvvəlki ildə də payızlıq taxıl əkini aparılmışdı. Həmin torpaqlar da insanlara veriləcək".
Komitə sədri vurğulayıb ki, torpaqların coğrafi vəziyyətindən asılı olaraq, orada müxtəlif məhsullar becərilə bilər:
“Heyvandarlıq üçün də yararlı torpaqlar var. Statistik bir məlumat oldu ki, Kəlbəcərdə 100 min hektara yaxın biçənək sahəsi, Laçında 66 min yararlı otlaq sahəsi var, bu da heyvandarlığın inkişafı üçün çox vacibdir. Bu torpaqlarda əkib-becərmək istəyən insanlar çoxdu və onlar qeydiyyata alınırlar. Kəlbəcər və Laçında arıçılığın, balıqçılığın inkişafı üçün münbit şərait var.
Ağdam və Füzulidə taxılçılıq inkişaf etdiriləcək. Bu bölgələrdəki aqrar inkişaf isə Azərbaycan iqtisadiyyatına çox təsir edəcək. Ölkədə iqtisadiyyatın inkişafının 10%-i məhz o torpaqların üzərinə düşür. Ancaq müasir texnologiyaların tətbiqi insanlar üçün daha yaxşı şərait yaradacaq. Münbit torpaqlardan 30-32 sentner məhsul götürürüksə, cənab prezidentin söylədiyi kimi, o sayı 40-45 sentnerə çatdırmaq olar, bunun üçün imkanlar var. Azad olunmuş bölgələrdəki aqrar sahə inkişaf edəcək və ölkədə iqtisadiyyatın inkişafına yəqin ki, 20%-dən çox təsir edəcək. Bu gün insanların vacib ərzaq məhsullarına olan tələbatını ödəmək üçün o torpaqlar əlverişli sahədir”.
© modern.az