IKT

28 Fevral

Qida subyektləri Qida Təhlükəsizliyi Reyestrinə daxil ediləcək

Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.

Bu, parlamentin Aqrar siyasət komitəsində 2 martda müzakirəyə çıxarılacaq "Qida təhlükəsizliyi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən çıxarışları elektron qaydada gömrük orqanına təqdim edəcək.

Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı xərclər həmin obyektlərə cavabdeh olan qida subyektlərinin və ya səlahiyyətli nümayəndəsinin vəsaiti hesabına ödənilir.

Təsdiqi nəzərdə tutulan qida obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti və yaratdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida obyektlərinin təsdiq qaydasında müəyyən edilmiş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilir.

Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.