IKT

08 Sentyabr

Bir neçə ölkədən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Zabaykalsk diyarında nodulyar dermatit xəstəliyi, Botsvana Respublikasının Kqatlenq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Braziliya Federativ Respublikasının Minas-Jerays və Matu-Qrosu ştatlarında süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Braziliya Federativ Respublikasının Minas-Jerays və Matu-Qrosu ştatlarından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Zabaykalsk diyarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Botsvana Respublikasının Kqatlenq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Botsvana Respublikasından və Braziliya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.