IKT

06 Sentyabr

Ağcabədidə keçirilən toxum sərgi-satış yarmarkasında fermerlər yerli sortların toxumlarına maraq göstərirlər

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Budəfəki sərgi-satış yarmarkası Ağcabədi rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixi ənənələrə malik olan ölkədir: “Dövlət başçısı bir sıra sahələrlə yanaşı, aqrar sektoru iqtisadiyyatın əsas prioritet istiqaməti kimi bəyan edib. Son illərdə kənd təsərrüfatında intensiv metodların tətbiqi yaxşı nəticələr verir və bu sahədə düşünülmüş addımlar atılmaqdadır. Bu gün Ağcabədidə təşkil edilən toxum sərgi-satış yarmarkasında fermerlər, sahibkarlar iştirak edirlər. Bununla yanaşı, Respublikanın digər bölgələrindən olan fermerlər də bu sərgiyə maraq göstəriblər. Düşünürəm ki, bu yarmarkaların keçirilməsi toxum bazarının daha da inkişafına gətirib çıxardacaq”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev çıxışında tədbirin əhəmiyyətindən danışaraq, sərgi-yarmarka çərçivəsində, “Milli toxum ehtiyatının inkişafı”, “Xaricdən toxum asılılığını azaltmaq”, “Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi”, “Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması” və digər mövzular üzrə ətraflı məlumat verib. Fermer və sahibkarları maraqlandıran bir sıra məsələrlə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb. Bu gün Ağcabədidə təşkil edilən yarmarkada 20-dən çox toxumçu fermer iştirak edib. Fermerlər yerli toxumlara daha çox maraq göstəriblər.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov isə bildirib ki, ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən əsas strateji məhsullardan olan arpa, buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində Dövlət Toxum Fondunun ölkənin müxtəlif bölgələrində toxum emalı zavodları fəaliyyət göstərir. Zavodlar saatda 5 ton toxum emal etmək gücünə malikdirlər. Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Dövlət Toxum Fondu olaraq mütamadi fermer və toxumçularla müxtəlif görüşlər keçirilir, birgə müzakirələr aparılır.

Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəlilabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.