IKT

01 Sentyabr

Bu il ölkədə 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb

"Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

AQTA sədrinin sözlərinə görə, həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur.

Q.Təhməzli xatırladıb ki, bu ilin ötən dövrü ərzində Azərbaycana Rusiyadan pomidor məhsulunda pepino mozaik virusuna görə 4, qonur qırışıqlıq virusuna görə 6, kartof məhsulunda qonur çürümə bakteriyasına görə isə 2 bildiriş göndərilib:

"Lakin əksər hallarda təsərrüfatlarda mövsümün bitməsi ilə əlaqədar məhsulun olmaması, habelə uyğunsuzluq aşkar edilən mal partiyalarının geri qaytarılmaması bildirişlərin araşdırılması zamanı faktların təsdiqi prosesini çətinləşdirib.

Pomidorla bağlı yalnız bir təsərrüfata bildiriş vaxtında göndərilib, dərhal müəssisədə monitorinq həyata keçirilərək nümunələr götürülüb, həm Agentlikdə, həm də xaricdə – Türkiyədə laborator müayinələrə cəlb edilib və virus faktı öz təsdiqini tapmayıb. Virusla bağlı bildiriş gələn digər təsərrüfatlarda bitki qalıqlarının zərərsizləşdirilməsi, təsərrüfatların və istifadə edilən ləvazimatların dezinfeksiyası təmin edilib.

Eyni zamanda ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması ilə bağlı bu ilin 7 ayı ərzində 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb, götürülən nümunələrin laborator müayinəsi zamanı 1 müəssisədə pepino mozaik virusu aşkarlanıb və dərhal fitosanitar tədbirlər görülüb, şitillər Agentlik müfəttişlərinin iştirakı ilə yandırılaraq məhv edilib".