IKT

19 Avqust

Fərhad Qaraşov: \"Qarabağda nar bağlarının bərpası ilə bağlı təklif gözləyirik\"

Azərbaycanın qeyri-neft məhsullarının ixracında nar mühüm yer tutur. Sentyabrda artıq nar mövsümü başlayır.

Fins.az xəbər verir ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov  nar istehsalında gözləntilərlə və ixrac hədəfləri ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bu il ölkədə məhsul istehsalı ötən illə müqayisədə daha çox olacaq: “Çünki ötən il Mil-Muğan, Aran zonasında quraqlıq oldu. Bağlarda məhsul istehsalı 50 % az oldu. Keçən il Azərbaycanda nar istehsalı ümumi 182 min ton təşkil edib. Bu il məhsul istehsalında 2020-ci illə müqayisədə 10-15 % artım gözlənilir.

F.Qaraşov ölkədə nar ixracı ilə bağlı gözləntilərə toxunub: “Ötən il ümumi istehsalın 10 %-i miqdarında ixrac edilib. Pandemiyaya görə Rusiya və Ukrayna bazarlarından hazırda nara tələb var. İxracatçılar nar bağlarına gedirlər, fermerlərin məhsulları ilə maraqlanırlar. Bu il müştəri bazası çoxdur. Ötən il 19 min ton nar ixrac etmişdik, 25 mln ABŞ dolları dəyərində ixracımız olub. Pandemiya zamanında nara həm meyvə, həm də şirə olaraq tələbat artdı.

Türkiyə narları Azərbaycan məhsullarından əvvəl yetişdiyi üçün ixrac bazarına daha tez daxil olurlar. Qiymətləri isə bazar tənizmləyir”.

O, Rusiyanın sərhəd-keçid məntəqələrində Azərbaycan ixracatçılarının üzləşdikləri problemlə bağlı danışıb: “Rusiyanın sərhəd -keçid məntəqələrində narları rəsmilləşdirən zaman onlar invoysa uyğun bizdən rüsüm alırdılar. Bununla bağlı, Azərbaycan hökumətinə, İqtisadiyyat Nazirliyinə, Rusiya Azərbaycan İşgüzar Şurasına məktub ünvanlamışıq”.

Qarabağda salınacaq nar bağları ilə bağlı məsələyə münasibət bildirən F.Qaraşov deyib ki, post-müharibə dövrü olduğu üçün hazırda həmin ərazilərdə minatəmizləmə işləri həyata keçirilir:" Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın verdiyi minatəmizləmə xəritələrinin ancaq 25 % həqiqəti əks etdirdiyi üçün hazırda ordakı mövcud bağlara bizə gediş-gəliş qadağandır. Xüsusi icazə ilə vətəndaşın azad edilmiş ərazilərə gediş-gəlişinə icazə verilir. Kənd Təsərrüfatı Nazirliyi əmlakların və torpaqların invertarlaşması əsasında məlumatlar əldə edirik. Azad edilmiş ərazilərdə olan nar bağlarını bərpa etmək istəyirik. Bu barədə planlalarımız var, lakin bu istiqamətdə bizə hələ heç bir təklif irəli sürülməyib".

Qeyd edək ki, Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Hazırda narın əkin sahəsi respublika üzrə təxminən 23 min hektarı keçib. (Report)