Ağdamın azad edilmiş ərazilərinə yaxın, keçmiş təmas xətti boyunca yerləşən kəndlərdə bu il əkin-biçin prosesi daha intensiv davam edir. Qarabağlı fermerlər əvvəlki illərlə müqayisədə suvarma, becərmə və məhsul yığımını rahat və təhlükəsiz həyata keçirirlər.
Fins.az xəbər verir ki, Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Mirəşelli kəndində fermerlərin pambıq tarlalarında olub, həmçinin sahələrdə qışlıq yem tədarükünü izləyib. Fermer İlqar Qasımov bildirib ki, torqaplarımız düşməndən azad olunandan sonra bu ərazilərdə əkinçiliklə məşğul olmaq çox rahatdır: “Əvvəllər bu yerlərdə çox çətinliklə işləyirdik. Ermənilər bizi tez-tez atəşə tuturdular, həyatımız təhlükə altında idi. Amma indi rahat əkin-biçinlə məşğuluq. Dövlət başçımız, ordumuz var olsun ki, müharibədə Zəfər qazandıq və düşməni torpaqlarımızdan qovduq. İndi daha həvəslə işləyirik”.
Traktorçu Mənsur İbrahimov da əlavə edib ki, əvvəlki illərdə əraziləri şumlayanda və yaxud biçin aparanda düşmənin atəşinə məruz qalıblar: “Əvvəllər burada işləmək mümkün deyildi. Düşmən bizi atəşə tuturdu. Amma indi tam rahatıq. Düşməni məğlub etmişik, torpaqlarımızı təhlükəsiz əkib-becəririk”.