“Türkmənistanla Azərbaycan arasında geniş ikitərəfli əməkdaşlıq mövcuddur və Türkmənistanın Azərbaycandakı səfirliyi sayəsində biz gələcəkdə bu əlaqələri daha da inkişaf etdirəcəyik”.
Fins.az xəbər verir ki, bunu “Caspian Energy Club”ın təşkilatçılığı ilə Azərbaycan-Türkmənistan beynəlxalq “Online B2B Forum” çərçivəsində çıxış edən Türkmənistanın Sənayeçi və Sahibkarlar Birliyinin Aqrosənaye kompleksi və balıqçılıq şöbəsinin müdiri Şamurad Herremov deyib.
Onun sözlərinə görə, hazırkı forum təkcə ikitərəfli əməkdaşlığın inkişafına deyil, həm də onu keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək.
“İqlim şəraitimizdə müəyyən oxşarlıq var ki, bu da bizə kənd təsərrüfatı məhsullarını və heyvandarlığı, həmçinin digər aqrar sahələri inkişaf etdirməyə, habelə texnologiyaların mübadiləsinə imkan yaradır. Bununla yanaşı, biz birgə kənd təsərrüfatı məhsullarının emalını inkişaf etdirərək, ekoloji cəhətdən təmiz və rəqabətqabiliyyətli qida məhsulları istehsal edə bilərik”, - deyə Ş. Herremov qeyd edib.
© APA