Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirlərinə başlanılıb.
İlk dəstək İsmayıllı rayonunun Təzəkənd kəndində fermer Ramtiq Alızadənin “Lakeside Garden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.
“Lakeside Garden” təsərrüfatı aqroturizm fəaliyyətinə “Şəhərdən Kəndə” layihəsinə qoşulduqdan sonra başlayıb. Layihə çərçivəsində təsərrüfat sahibi aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Yay sezonu olduğu üçün hazırda təsərrüfatı bir ay ərzində 250-300 turist ziyarət edir.
“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüaftları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir.
Təsərrüfat sahiblərinə və turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və müraciətlərinin asanlaşdırılması məqsədilə layihənin www.tovillage.az portalının beta-versiyası istifadəyə verilib. Ölkəmizdə karantin rejimi ləğv edildikdən sonra portal vasitəsilə müxtəlif regionlara təşkil olunan turlara qoşulmaq və fərdi turlar sifariş etmək mümkün olacaq.