Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertlərinə ödəniləcək xidmət haqları açıqlanıb.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, ekspertlərin xidmət haqları xidmət göstərilən sığorta müqavilələrinin və kənd təsərrüfatı heyvanlarının sayından asılı olaraq dəyişir.
Qeyd edək ki, müstəqil ekspert – sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş «Aqrar sığorta sinfi üzrə müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərinin hesablanması» qaydalarına əsasən, aqrar sığorta ekspertlərinə xidmət haqları risklərin qiymətləndirilməsi və zərərin qiymətləndirilməsi xidmətlərinə görə ediləcək.
Riskin qiymətləndirilməsi - aqrar sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi prosesidir.
Zərərin qiymətləndirilməsi - sığorta hadisəsi baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspert tərəfindən müəyyənləşdirilməsidir.
Qaydalara əsasən, ekspertlərə ödənişlər hesablanarkən xidmət haqqı ilə yanaşı, yanacaq və amortizasiya xərcləri də nəzərə alınır.
Yanacaq və amortizasiya xərcləri müstəqil ekspertin fəaliyyət göstərdiyi ünvandan gedəcəyi ünvana qədər gedib-qayıtması da daxil olmaqla, həmin məsafəyə uyğun olaraq hesablanır və hər 1 kilometr üçün 14 qəpik ödənilir.
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi zamanı 1 gün ərzində 1 sığorta müqaviləsi üzrə müstəqil ekspertə 20 manat, 1 gün ərzində sığorta müqavilələrinin sayı 1-dən çox olduqda isə hər əlavə sığorta müqaviləsi üzrə əlavə 10 manat ödənilir.
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə zərərin qiymətləndirilməsi zamanı isə 1 gün ərzində 1 sığorta hadisəsi üzrə müstəqil ekspertə 50 manat, 1 gün ərzində qiymətləndirilən sığorta hadisələrinin sayı 1-dən çox olduqda isə hər əlavə sığorta hadisəsi üzrə 40 manat ödənilir.
Kənd təsərrüfatı heyvanlarının sığortası zamanı riskin qiymətləndirilməsi zamanı müstəqil ekspertlərə baza məbləğ, heyvanların sayından asılı olaraq dəyişən məbləğ və yol xərci ödənilir.
Belə ki, qiymətləndirilən heyvanların sayı 1-dən 25-dək olduqda, hər heyvan üzrə hesablanan məbləğ 2 manat, baza məbləği 15 manat nəzərdə tutulur. Heyvanların sayı 26-100 olduqda hər heyvan üzrə hesablanan məbləğ 0,8 manat, baza məbləği 45 manat, heyvanların sayı 101-dən çox olduqda isə hər heyvan üzrə hesablanan məbləğ 0,4 manat, baza məbləği 86 manat nəzərdə tutulub.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta hadisəsi nəticəsində zərərin qiymətləndirilməsi zamanı isə ekspertə ödənilən məbləğ 1 baş heyvana görə 25 manatdır. Bununla yanaşı, qaydalara görə, müstəqil ekspertə 1 gün üçün ödəniləcək məbləğ 7 baş heyvanın qiymətləndirilməsinə görə ödəniləcək məbləğdən artıq ola bilməz.
Başqa sözlə, ay ərzində aqrar sığorta üzrə təqribən 10-15 dəfə xidmət göstərən bitkiçilik və heyvandarlıq ekspertləri müvafiq olaraq sığorta müqavilələrinin və sığorta predmetlərinin sayından asılı olaraq 800-1200 manat gəlir əldə edə bilərlər.
Akvakultura (balıqçılıq) məhsullarının sığortası üzrə müstəqil ekspertlərə ödənilən məbləğ xidmət haqqı, eləcə də yol pulundan (yanacaq və amortizasiya xərclərindən) ibarətdir.
Akvakultura məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi zamanı müstəqil ekspert tərəfindən 1 gün ərzində 1 sığorta müqaviləsi üzrə qiymətləndirilmənin həyata keçirilməsinə görə ödəniləcək məbləğ 50 manatdır.
Akvakultura məhsullarının sığortası üzrə zərərin qiymətləndirilməsi zamanı müstəqil ekspert tərəfindən 1 gün ərzində 1 sığorta hadisəsi üzrə qiymətləndirilmənin həyata keçirilməsinə görə ödəniləcək məbləğ 80 manatdır.
Qaydalara əsasən müstəqil ekspertlərə ödənişlər Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir.
Xatırladaq ki, iyunun 19-da Dövlət İmtahan Mərkəzində müstəqil aqrar sığorta ekspertləri üçün növbəti imtahan keçiriləcək. Aqronom, baytar və əlaqəli ixtisaslardan olan namizədlər imtahanda iştirak üçün iyun ayının 18-dək qeydiyatdan keçə bilərlər.