İsmayıllı rayonunun cənub ərazilərində arpa biçininə başlanıb və ilk günlərdə zəmilərin hər hektarında orta məhsuldarlıq 31,4 sentnerdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ilin məhsulu üçün 30 min 377 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 22 min 165 hektarı buğda, 7 min 712 hektarı isə arpadır. Məhsulun tez və itkisiz biçilməsi üçün lazımi hazırlıq işləri aparılıb. Biçinə hüquqi və fiziki şəxslərə məxsus 50-dək kombayn cəlb edilib. Biçin kampaniyasına Qubaxəlilli ərazi icra nümayəndəliyində başlanılıb. Sabahdan etibarən kombaynlar Çəraybəyli, Zərnava, Kəlbənd ərazilərində də zəmilərə çıxarılacaq.