IKT

07 İyun

Əkin sahələrində texnoloji yeniliklərlə seçilən “Fructus” şirkətinin direktoru ilə MÜSAHİBƏ

Fins.az-ın müsahibi Əliyev İqbal Adil oğludur.

Əliyev İqbal Adil oğlu – 1970-ci ildə anadan olub. Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitririb. 2014-cü ildən “Fructus” MMC-nin direktoru vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var. Silahlı Qüvvələrin ehtiyatda olan zabitidir.

“Fructus” MMC 02 dekabr 2014-cü ildə təsis edilib. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və texnoloji yeniliklərinin tətbiqi ilə bölgədə kənd təsərrüfatının inkişafına töhfə verir.

Ağıllı kənd təsərrüfatı idarəetmə sistemləri olan Trimble və Agrivi proqramları vasitəsi ilə təsərrüfatın idarə edilməsi həyata keçirilir.

İqbal müəllim, şirkət əkin sahələrində hansı işləri görür?  

MMC-nin əkin sahələrində aparılan işlər müasir tipli “Massey Ferguson”, “CLAAS” traktor və kombaynlar, “AMAZONE” şirkətinin istehsal etdiyi taxıl və gübrə səpən avadanlıqlar vasitəsilə aparılır. Taxıl biçini zamanı “EZ TECH” istehsalı olan tərəzili, özüboşaltma qurğulu bunkerlərdən istifadə edilir. Bunkerlər enli təkərli olduğu üçün torpağa və məhsula zərər vermir.  Taxıl saxlamaq üçün xaricdən alınmış müasir tipli xüsusi saxlama kisələrindən istifadə edilir. Kisələr təbiət hadisələrinə (yağış qar, isti) qarşı davamlı olduğu üçün məhsulu qış aylarına qədər rahat şəkildə həmin kisələrdə saxlamaq mümkün olur. Belə ki, məhsul həmin kisələrdə saxlanılır və lazım olan vaxt satışa çıxarılır. Qeyd edilən bütün texnika və avadanlıqlar “Fructus” MMC-yə məxsusdur.

Texnikalar Trimble proqramı vasitəsilə yarı-avtopilot formada idarə edilir və görülən işlər barədə məlumatlar toplanıb “Baza”da saxlanılır. Növbəti əkin ilində torpağın sturukturu, istifadə ediləcək dərman və gübrələr barədə məlumatları həmin proqram vasitəsilə əldə edir.

Cənab prezidentin iqtisadiyyatın dayanıqlı inkişafı üçün kənd təsərrüfatına göstərdiyi qayğı və diqqət bu gün respublikada kənd təsərrüfatı ilə məşğul olan fermerləri yüksək səviyyədə qane edir. Mən dəfələrlə qonşu dövlətlərdə keçirilən kənd təsərrüfatı sərgilərində iştirak etmişəm və söhbət əsnasında bu gün Azərbaycanda kənd təsərrüfatına göstərilən qayğı barədə məlumat verəndə onlar tərəfdən bu maraqla qarşılanır və iqtisadiyyatın inkişafı üçün atılmış düzgün addım kimi qiymətləndirilir.

Texnika və avadanlıqların lizinq yolu ilə satışı mümkündür?

Şirkətimiz tərəfindən xarici ölkələrdən gətirilən müasir tipli kənd təsərrüfatı texnikalarının satışını güzəştli Lizinq şərtləri ilə fermerlərə təklif edirik. Belə ki, alınan texnikanın 20% -i ilkin ödəniş kimi ödənilir. Qalan 80% dəyərin 40%-i fermer tərəfindən müvafiq kredit təşkilatına 60 ay müddətinə, 40%-i isə AKİA tərəfindən ödənilir.

Ölkəmizdə istehsalı ilə məşğul olduğunuz hansı növ məhsullara daha çox tələbat var?

Bizim şirkətimiz kənd təsərrüfatı texnikalarının satışı ilə yanaşı dənli və paxlalı bitkilərin istehsalı və satışı ilə məşğuldur. Hələ ki, ilkin plan kimi nəzərdə tutduğumuz paxlalı bitkilərin əkininə başlamamışıq. Əsasən arpa, buğda,  qarğıdalı, pambıq, yonca, vələmir və digər dənli bitkilərin istehsalı ilə məşğul oluruq və qısa zamanda bazarda öz mövqeyimizi gücləndirməyə çalışırıq.

Bu gün Azərbaycanda heyvandarlıq və quşçuluğun inkişafı üçün yem tədarükü məqsədilə arpa, buğda və yoncaya tələbat vardır. Buna görə də yoncanın yeni növlərinin ölkəmizdə əkilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə birgə öz sahələrimzdə sınaq təcrübə əkin sahəsi yaratmışıq. Bunlarla yanaşı və sorqo, kinoa, amarant kimi yeni növ bitkilərin də həmin İnstitutun əməkdaşları tərəfindən sınaq əkini tərəfimizdən aparılmışdır. Hər bitkinin gələcəkdə toxumçuluq məqsədilə əldə olunması və fermerlərə satılması üçün təcrübə mübadiləsi aparırıq. Hesab edirəm ki, bu tələbat ödədikdən sonra biz bu məhsulları xarici bazara ixrac edə bilərik.

Bu gün kənd təsərrüfatı ilə məşğul olanların əsas problemi nədir?

Bildiyimiz kimi Azərbaycanda əkin sahələrinin suvarılması ilə bağlı müəyyən çətinliklər var. Yaxşı məhsul əldə etmək üçün mütəmadi suvarılma çöx önəmlidir. Bu məsələ Ölkə başçısının da gündəmində olduğundan məsələnin yaxın gələcəkdə həll ediləcəyinə ümid edirik.

Kənd təsərrüfatının yaxın 5 ildə inkişafını necə görürsünüz?

Yaxın 5 il ərzində kənd təsərrüfatının inkişafının müsbət tendensiya ilə davam edəcəyini düşünürəm. İşğaldan azad edilmiş torpaqlarımızda min hektarlarla əkinə yararlı münbit torpaqların olduğunu nəzərə alsaq bu bu inkişaf prosesi daha da sürətlənəcək.

Fermerlərin sizin şirkətlə əməkdaşlıq etmək imkanları nə dərəcədədir? Şərtlər necədir?

Əməkdaşlıq etdiyimiz bir neçə kənd təsərrüfatı ilə məşğul olan şirkətlər və fermerlər var. Biza daim onlarla əməkdaşlıqdan məmnunluq duyuruq və əkinçiliklə bağlı daima fikir mübadiləsi aparır, tövsiyyələrimizi veririk. Eyni zamanda biz onlara texnikaların güzəştli şərtlərlə satışı ilə yanaşı, istifadəmizdə olan ən müasir texnikalarla kənd təsərrüfatı xidmətləri də təklif edirik.

Yerli şirkətlərlə yanaşı xarici şirkətlərlə də əməkdaşlıq edirik. Bu şirkətlərdən biri Rusiyanın “Belaqromaş Servis” zavodudur.  Onlarla rəsmi əməkdaşlıq müqaviləmizə əsasən, “Fructus” MMC, “Belaqromaş Servis”in istehsal etdiyi kənd təsərrüfatı texnika və avadanlıqlarının Azərbaycanda satışını həyata keçiririk.

Tuncay Türbəndəzadə