IKT

03 İyun

Taxıl biçini ilə bağlı məsələlər operativ həll olunur

Neftçalada bir neçə gündür ki, kütləvi arpa biçininə başlanılıb. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına lazımi köməklik göstərmək məqsədilə rayonda bütün zəruri işlər vaxtında görülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 40 min 450 hektar sahədə taxıl əkilib. Bunun da 34 min 470 hektarı arpa, 5 min 980 hektarı isə buğda sahəsidir. Ötən il taxıl sahələrindən 123 min 661 ton məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib, necə deyələr, əkinçilərin zəhməti hədər getməyib.

Biçinə ilk olaraq rayonun Xəzərkənd, Sarıqamış və Xolqaraqaşlı kəndlərində fəaliyyət göstərən fermerlər başlayıblar. Hazırda sahələrdə 127 kombayn işləyir. Məhsulun daşınması üçün 200-dək maşın-mexanizm sahibkarların ixtiyarına verilib. İşin düzgün təşkili nəticəsində qısa müddətdə 9 min 765 hektar sahədə biçin aparılıb və 25 min 253 tondan çox məhsul yığılıb. Biçilmiş sahələrin məhsuldarlığı orta hesabla 25,8 sentnerə çatır.

Biçin zamanı bütün işlər paralel aparılır. Yığılmış məhsul xırmanlara daşınaraq təmizlənir, sonra anbarlara aparılır. Həmçinin biçilmiş sahələrin küləşi preslənərək götürülür, sonra isə şumlanır.

Təcrübəli taxılçı Mürsəl Qafarov uzun illərdir taxıl əkib-becərir və hər il də yüksək məhsuldarlığa nail olur. “Ötən il əkdiyim 16 hektar taxıl sahəsinin hər hektarından 40 sentner məhsul götürdüm. Bu il isə 25 hektar sahədə taxıl becərmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən bol məhsul yetişib. Hər il olduğu kimi, bu il də biçinə birinci başlayanlar arasındayam. Qısa vaxtda 12 hektar sahədə biçin aparmışıq, hər hektardan orta hesabla 42 sentnerdən çox məhsul əldə olunub. Bu da ötən ildəkindən 2 sentner çoxdur. Yaxın günlərdə biçini yekunlaşdıracağam”, - deyə fermer bildirib.

Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayonda operativ qərargah yaradılıb. Xidmət təşkilatlarının, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur.