Biləsuvarda çiyid səpini başa çatıb. Ötən il 28 min 333 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyyə ilə çalışırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu mövsüm rayonda 8 min 550 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1491 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 8 min 8550 hektar sahədə səpin aparıblar. Səpin aparılan sahələrin 3 min 490 hektarı “MKT” MMC-yə, 2 min 210 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 2 min 50 hektarı “P-Aqro”ya, 800 hektarı isə Təcrübə-Sınaq Məntəqəsinə məxsusdur.
Qabaqcıl pambıqçı Şakir Soltanov rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğuldur və həmişə də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim 30 hektar pambıq sahəsinin hər hektarından 45 sentner məhsul götürməklə 135 ton pambıq tədarük etdim. Bu il isə 33 hektar sahədə pambıq əkmişəm və yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Plantasiyadan bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm”, - deyə pambıqçı bildirib.