IKT

24 May

İmişlinin pambıq tarlalarında becərmə işləri davam edir

İmişlinin “ağ qızıl” tarlalarında becərmə işlərinə start verilib. Rayonun pambıq sahələrindən 28 min ton məhsul yığılması qarşıya məqsəd qoyulub.

İmişlinin pambıq tarlalarında becərmə işləri aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmov bildirib ki, cari il İmişli rayonu üzrə 8167 hektar sahədə pambıq əkilib və 95 faiz çıxış əldə olunub. Yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki qaydalara uyğun olaraq işlər yerinə yetirilib. Rayon üzrə 1275 fermer pambıq istehsalı üçün müqavilə bağlayıb. Artıq sahələrdə ilk becərmə işlərin start verilib və texnikalar sahələrə çıxarılıb.

Ötən il İmişli rayonu üzrə 7923 hektar sahədə pambıq tarlalarından orta hesabla 30 sentner olmaqla, 27 min tondan çox məhsul yığılıb. Bu il isə rayon üzrə qarşıya qoyulan hədəf 28 min tonun üzərindədir.

Rayon üzrə pambıq istehsalı həyata keçirən “P-Aqro” MMC-nin baş aqronomu Məhərrəm İsrafilov deyib ki, sahələrdə yüksək çıxış əldə edilib. Təkcə “P-Aqro” MMC İmişli rayonu üzrə 225 fermerlə müqavilə əsasında 1130 hektar sahədə əkin aparıb. Əsasən “Bəyaz altun” toxumlarından istifadə edilib. Ötən il hər hektara 29,5 sentner məhsuldarlıq əldə olunmuşdusa, builki hədəf məhsuldarlığı 40 sentnerə çatdırmaqdır. Hazırda MMC-nin sahələrində becərmə işləri görülür.

Sahə aqronomu Qismət Poladov söyləyir ki, pambıq bitkisinin məhsuldarlığı üçün əsas şərtlər sahəyə düşən kol sayı və becərmə işlərinin vaxtında aparılmasıdır: “Hər hektara 22-25 kiloqram toxum səpilirsə, 230-240 min kol əmələ gəlir. Sahədə hər paqonmetrdə 18-22 kol arası olmağı daha məqsədə uyğundur. Burada əsas məqsəd kollar arasında havalanmanı təşkil etməkdir. Yüksək məhsul götürmək üçün ən əsas şərt isə becərmə işləridir. Artıq sahələrdə ilk becərmə və bıçaq çəkmə işləri görülür. Suvarma, gübrə və becərmə işlərindən sonra hədəfimiz 40 sentner məhsul əldə etməkdir”.

Ötən il pambıqdan yüksək qazanc götürən fermerlərdən biri də Orxan Əlilidir. Təsərrüfat sahibi bildirir ki, pambıq gəlirli sahədir. O, dövlət tərəfindən göstərilən dəstək sayəsində bu il daha çox sahədə pambıq əkib. Ötən il hər hektardan 64 sentner məhsul götürən fermer 13 ton pambıq tədarük etdiyini söyləyir. Bu il əkin sahəsini 3 hektara çatdırıb. Hədəf isə 20 ton məhsul yığmaqdır.