IKT

24 May

Fermerlər, toxum istehsalçıları və idxalçıları üçün təlim keçirilib

Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Şəkidə təlim keçirilib. Təlimdə Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyinin Şəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin mütəxəssisləri, fermerlər, toxum istehsalçıları və idxalçıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin (DM) müdiri Qeysər Fərəcov “Toxumluq əkin sahələrində aqrotexniki qulluq işlərinin aparılması” mövzusunda təqdimatla çıxış edib. Dövlət Toxum Fondunun Texniki təminat və planlama şöbəsinin müdiri Akif Akbər toxumların təmizlənib kondisiyaya çatdırılmasının, sertifikatlaşdırılmasının effekti və zəruriliyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Təlim daha sonra Şəki DM-in nümayiş əkini sahəsində davam etdirilib. Sahədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun xəstəlik və zərərəvericilərə nəzarət laboratoriyasının müdiri Namella Əzizova müxtəlif buğda və arpa sortlarının xəstəlik və zərərəvericilərə sirayətlənməsinin qiymətləndirilməsi barədə əyani olaraq ətraflı məlumat verib.

Tədbirin sonunda müzakirələr aparılıb, fermer və təsərrüfat rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir çərçivəsində seminar iştirakçıları Şəki Toxum Emalı zavodu ilə yaxından tanış olublar. 

Tədbir Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejimi ilə bağlı tövsiyə və tələblərinə ciddi əməl edilməklə keçirilib.