Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən Ağdam rayonunun Xındırıstan kəndində və Tərtər rayonunun İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
Təlim zamanı Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mütəxəssisləri Süleyman Məmmədov və Flora Ələsgərova kümçülərin həyata keçirməsi gərəkən aqrotexniki tədbirlər haqqında öz təcrübələrini bölüşüblər. Tut ipəkqurdlarından bol məhsul əldə etmək üçün, onların bəslənməsi, saxlanma şəraiti qarşılıqlı diskusiya şəklində müzakirə olunub. Kümçüləri maraqlandıran suallar cavablandırılıb.