IKT

21 May

Yardımlıda tütün əkininə başlanılıb

Yardımlı rayonunda tütünçülük ənənəvi təsərrüfat sahələrindən biridir. Sovetlər dövründə rayonda hər il 500 hektardan çox tütün əkilirdi.

İyirmi beş illik fasilədən sonra, 2016-cı ildə Yardımlıda yenidən 10 hektar sahədə tütün əkilib.

Fins.az xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyindən bəhrələnən rayonun fermerləri tütün əkin sahələrini hər il genişləndirirlər.

Bir neçə gündür Yardımlıda tütün əkini kampaniyasına başlanılıb. Bu il rayonda 43 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Parnikdə yetişdirilən şitillər sahələrə köçürülür, gübrələr verilir, lazımi aqrotexniki qulluq göstərilir.

Fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “Virciniya” sortundan olan tütün növünə üstünlük verirlər.

Ötən il tədarük olunan məhsulu qəbul etmək üçün rayonda 3 qurutma sexi fəaliyyət göstərirdisə, bu il tədarük məntəqələrinin sayı artırılaraq 8-ə çatdırılacaq. Bu məqsədlə rayonun Urakəran kəndində hər birinin tutumu 5 ton olan 8 qurutma sexi, tutumu 70 ton olan saxlama kamerası və talvar tikilir.