Qax rayonunun təsərrüfatlarında dən üçün qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Cari təsərrüfat ilində rayonda 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri bu günədək 1489 hektar sahədə qarğıdalı əkiblər.
Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, indiyədək rayonun Güllük kəndində 240 hektar, Qax Aqroparkının ərazisində 200 hektar, Tasmalı kəndində 190 hektar, Əlibəyli kəndində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilib.
Hazırda qarğıdalı əkilən sahələrdə aqrotexniki tədbirlərə də başlanılıb. Əkin sahələrində cərgələrarası becərmə işləri aparılır, alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülür, bitkiyə yemləmə (azot) gübrəsi verilir.
Xatırladaq ki, qaxlı fermerlər ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artıb. Hər hektardan orta hesabla 84,3 sentner məhsul götürülüb.