Respublikamızın iri pambıqçılıq rayonlarından olan Biləsuvarda aprel ayından əkinə başlayan rayon zəhmətkeşləri bu günədək 7500 hektara yaxın sahədə çiyid səpinini həyata keçiriblər. Pambığı yüksək aqrotexniki şəraitdə becərən təsərrüfatçılar sahələrdən hər il bol məhsul əldə edirlər.
Biləsuvarda çiyid səpini davam etdirilir. Bu il rayonda 1491 istehsalçı ilə 4 tədarükçü şirkət arasında 8 min 550 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Fermer Mehrəli Əliyev bu il 17 hektar sahədə pambıq əkib. O, dövlətin fermerlərə qayğısından razılıq edərək deyib: “Bu qayğının nəticəsidir ki, yüksək məhsuldar toxumlar əldə etmişik. Verilən subsidiyalar nəticəsində işlərimizdə çətinlik yoxdur. Belə ki, yüksək məhsuldar və keyfiyyətli toxumlardan istifadə etmişik. Sahələrə ammofos və azot gübrələri səpməklə yüksək nəticə əldə edəcəyik. Bu il ötən mövsümdən iki dəfə çox məhsul, 40 sentnerdən çox pambıq yığmağı qarşıya məqsəd qoymuşuq”.
Aqronom Nəbi Ağayev isə təmsil etdiyi şirkət tərəfindən 2 min hektardan artıq sahədə səpin işləri aparılmasının planlaşdırıldığını deyib. “Hazırda əkilən sahələrin 70 faizindən çoxunda səpini başa çatdırmışıq. Gördüyünüz kimi, müasir texnikalardan istifadə edərək, ammofos və digər gübrələri verməklə, çiyid səpini qoşa şəkildə torpağa səpilir. Əkin zamanı aqrotexniki qaydalara riayət olunur. Qarşıya məqsəd qoymuşuq ki, qısa zamanda səpini yüksək səviyyədə başa çatdıraq”, - deyə o əlavə edib.
Səpin mövsümünə nisbətən erkən başlanılan pambıq sahələrinin təxminən 1000 hektarından çoxunda yüksək çıxış əldə olunub. Fermerlər “Vahid sahədə, vahid əkin” konsepsiyasına uyğun olaraq, işlərini qururlar. Hazırda həmin sahələrdə ilk kultivasiya işlərinə start verilib.
Pambıqçı Ramil Dadaşov bildirib ki, aprel ayında 3 hektar sahədə səpin aparıb və yaxşı çıxış əldə edib. O, hazırda gübrələmə ilə bərabər, birinci kultivasiya işini görür və 50-60 sentnerə yaxın pambıq götürməyi planlaşdırır.
Kənd Təsərrüfatı Nazirliyinin “Vahid sahədə, vahid əkin” konsepsiyasına uyğun olaraq, eyni ərazidə yerləşən kiçik torpaq sahələrində vahid bitkinin əkilməsi təşəbbüsünü rayon fermerləri də müsbət qarşılayır.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mikayıl İmanov bu barədə danışarkən deyib: “Fermerlərlə apardığımız mütəmadi görüşlər, maarifləndirmə işləri artıq bu sahədə öz bəhrəsini verir. Hazırda 80 hektar sahə nəzarətimizdədir. Burada müəyyən güzəştlər olacaq. Torpaqlardan və sudan səmərəli istifadə edilməsi əsas məqsədimizdir. Eyni zamanda, fermerlərə müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub”.
Bununla yanaşı, mərkəzin mütəxəssisləri tərəfindən fermerlərlə mütəmadi olaraq pambıqçılığın inkişafı haqqında müzakirələr aparılır, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yerli sortların üstünlükləri barədə məlumatlar verilir.