Qazax rayonunda fəaliyyət göstərən at bazarı həftədə bir dəfə təşkil olunur. Atları səhər sübhdən satış üçün gətirirlər. Elə alıcılar da gün çıxar-çıxmaz bazara axın edirlər. İndi yaz fəsli olduğundan atlara da tələbat çoxalıb.
Fins.az xəbər verir ki, bölgədə atlardan əsasən kənd təsərrüfatında, əkin-biçin üçün istifadə edirlər. Düzdür, atları sevdiyi üçün fərdi istifadə üçün alan azarkeşlər də var. Elə bazara sübh tezdən gələn və istədiyi atı tapa bilməyən alıcı, rayonun Orta Salahlı kəndinin sakini Səncər Alimov kimi bir çoxları əkin-biçində işlər çoxaldığı üçün at bazarına üz tuturlar. “Burada həm mal, həm at, həm də xırdabuynuzlu heyvanların bazarı olur. Artıq iki bazardır gəlirik, inşallah, bu bazar qismət olsa, at alarıq. Atı müxtəlif məqsədlərə görə alırlar. Biz təsərrüfatda çalışdırmaq üçün istəyirik”, - deyə alıcı Səncər Alimov bildirib.
Qiymətlərə gəldikdə, atların qiyməti 300 manatdan başlayır. Bazara bəzən 2 min manata satılan atlar da çıxarılır. Müştərilər atı alarkən bazardan nisbətən kənar ərazidə yoxlayırlar. Atı çaparaq, onun necə at olduğunu müəyyənləşdirməyə çalışırlar. Bəzən bu işi yaxşı biləni də yanında bazara gətirənlər olur. Satışa yaxşı at çıxarılanda alıcısı da tez tapılır. “Bu gün bazara iki at gətirmişdim. Birini satdım, biri qalır. Bazar normaldı. Satdığım atın 5 yaşı vardı, 500 manata verdim. Mövsüm olduğuna görə, atın satış qiymətində artım var”, - satıcı Elmar Qəmbərov əlavə edib.
Bazara qonşu rayonlardan da at satmağa və almağa gələnlər də olur. At bazarında yerli cins atlar da satışa çıxarılır. Elə alıcılara ən baha onlar təqdim olunur. Qara rəng və Dilbaza xüsusi tələbat var. Eyni zamanda, bazarda nalbənd də tapmaq olur. Bir atı normal dırnaqlarının təmizlənib nal vurulması 28 manata başa gəlir.
Görünən odur ki, yazın sonlarına qədər at bazarında həm satışa çıxarılan atların sayı çoxalacaq, həm də qiymətlərdə artım olacaq.