IKT

08 May

Avropa İttifaqı Azərbaycanda aqrar sahədə 3,5 milyon manatlıq layihə icra edir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi regionların və kənd yerlərinin inkişafı ilə bağlı 8 layihə həyata keçirir. Aİ-nin dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Bank Respublika” ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı 3,5 milyon manat dəyərində saziş imzalanıb.

Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas mayın 7-də Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə danışarkən deyib.

“Biz Azərbaycanın regionlarının da Bakı şəhəri kimi inkişaf etməsini arzulayırıq. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Kəndimiz” kampaniyası xüsusi əhəmiyyət kəsb edir. “Kəndimiz” kampaniyası çərçivəsində regionların və kənd yerlərinin inkişafı istiqamətində həyata keçirilən layihələrin bu gün təqdimatı keçiriləcək. Aİ-nin maliyyələşdirdiyi Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstəyi layihəsinin – “Kəndimiz” kampaniyasının bütün Azərbaycanı əhatə etməsini arzu edirəm. Artıq 500-dək kənd bu kampaniyadan faydalanıb. Aİ-nin dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Bank Respublika” ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı 3,5 milyon manat dəyərində saziş imzalanıb. Bu layihədən 864 istifadəçi artıq faydalanıb, həmin vəsaitin 94 faizi aqro sahəyə yönəldilib. Biz bu cür layihələrin reallaşdırılması üçün dəstək göstərməyə davam edəcəyik. Həmçinin Azərbaycanda “yaşıl iqtisadiyyat”, “dairəvi iqtisadiyyat” (resurslardan maksimum istifadə etməyə çalışaraq tullantını azaltmağı hədəfləyir), rəqəmsal transformasiya, gəclərin təhsili və hüquqlarının tam təmin olunması istiqamətində, ümumilikdə universal dayanıqlı inkişaf istiqamətində Aİ-nin dəstəyini reallaşdırmağa davam edəcəyik”, - deyə K.Yankauskas bildirib.