Respublikada aparıcı şirkətlərdən biri olan, “Azerbaijan Poultry Company” MMC Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlığa başlayır.
ADAU-dan bildiriblər ki, Lu-Mun Holdinqin törəmə şirkəti olan müəssisə 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılıb və əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli toyuq əti istehsalıdır. Bütün istehsal prosesində müasir dünya standartlarına cavab verən və quşçuluq sənayesində tətbiq olunan ən son texnologiyalar istifadə edən şirkət ADAU ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi qəbul edir.
Bununla əlaqədar olaraq şirkətin nümayəndələri - istehsalat üzrə direktor müavini Cavid Məmmədov, inkubasiya sahəsinin rəhbəri Rəhim Cəlilov, insan resursları departamentinin direktoru Fəridə Bayramova, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Əkbər Aqrar Universitetə səfər ediblər.
ADAU-nun Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov əməkdaşlıq təşəbbüsünə görə təşəkkürünü bildirərək, universitetdə quşçuluq istiqamətində kadr hazırlığı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, quşçuluq tədris mərkəzinin fəaliyyəti, bu sahədə şirkətlərlə əməkdaşlıq barədə məlumat verib.
Şirkətin nümayəndələri yay təcrübə proqramının mahiyyəti, tələbləri haqqında danışıb, bütövlükdə isə universitetlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Qeyd edək ki, 2021-ci ilin iyun ayının 1-dən etibarən başlayan təcrübə proqramına dair elan yaxın günlərdə veriləcək.