Hacıqabulda beşinci ildir ki, ipəkqurdu bəslənilir. Ölkədə bu ənənəvi sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də sevinclə qarşılanır. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur. Yaxşı mənfəət götürüldüyündən onların sayı ilbəil artır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 57 kümçüyə 120 qutu ipəkqurdu toxumu paylanılıb və 4 ton 43 kiloqram məhsul istehsal olunub. Bu mövsüm isə 63 ipəkçi ailəsinə 100 qutu ipəkqurdu toxumu verilib. İpəkçilər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq edirlər.
Rəncbər kənd sakini, kümçü Elxan Teymurov dördüncü ildir ki, ipəkqurdu bəsləyir. O, əvvəllər də baramaçılıqla məşğul olub və bu sahədə yaxşı təcrübəyə malikdir. “Rayonda barama istehsalına yenidən başlanılması mənim də ürəyimcə olub. Ötən il 2 qutu ipəkqurdu toxumundan 82 kiloqram məhsul götürmüşəm. Bu il də 2 qutu ipəkqurdu toxumu götürüb bəsləyirəm. Mütəxəssislərin hesablamalarına görə, bəslədiyim ipəkqurdulardan 95-100 kiloqramdan çox barama götürə bilərəm. Bunun da mənfəəti 900 manatdan çox olacaq”, - deyə o bildirib.